30 Aralık 2021 Perşembe

Bayramov və Lavrov danışıblar




Məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar



Bugün, dekabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar:


“Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 (Rusiya,Azərbaycan, Ermənistan, İran, Türkiyə və Gürcüstan. Amma Gürcüstan görüşə qatılmayıb) məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskva görüşünə (23,24 dekabrda) dair fikirlərini bölüşüblər”.


Açıqlamaya görə, tərəflər, həmçinin, ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Xatırlatma


2020-ci ildə, İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.


Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Bu il tərəflər bölgədə əlaqələrinin bərpa və inkişafı ilə bağlı bəyanatlar imzalayıblar.


Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder